Previous Next

Azərbaycan Respublikasının Memarlar İttifaqının XIX qurultayı keçirilib

20 dekabr 2017-ci il tarixində Bakı şəhərində  Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Azərbaycan memarlarının 1936-cı ildən fəaliyyət göstərən qocaman İttifaqının növbəti, XIX qurultayı keçirilib.

Əvvəlcə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin üzvləri və İttifaqın fəallar qrupu Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin, akademik Zərifə xanım Əliyevanın və Akademik Mikayıl Useynovun məzarları ziyarət edib, əklillər qoyublar.

Həmçinin, qurultay iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib və “Əbədi məşəl” xatirə abidəsinin önünə əklil qoyublar.

Tədbir başlanmamışdan əvvəl, iştirakçilar və qonaqlar Filarmoniyanın foyesində təşkil edilmiş "Azərbaycan memarlığı” sərgisi ilə tanış olublar.

Qurultayı salamlama sözü ilə Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə açaraq ölkəmizdə bu sənət növünün keçdiyi inkişaf yolundan danışıb və qeyd edib ki, memarlığın inkişafı dövlətimizin başçısı İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın daim diqqət mərkəzindədir. Bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycanda və dünyanın bir sıra ölkələrində tarixi memarlıq abidələri bərpa edilir.

Qurutayda iştirak edən Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədov Prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Sonra Prezident İlham Əliyevin Sərəncamı ilə təltif edilmiş bir sıra tanınmış memarlara təltiflər təqdim olunub. Həmçinin bir neçə memara “Akademik Mikayıl Useynov” xatirə medalı  və “Ustad Memar” sertifikatları da verilib.

Tədbirdə Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev çıxış edərək dövlətimizin memarlığın inkişafına göstərdiyi dəstəkdən danışıb və bildirib ki, Memarlar İttifaqı ötən 5 ildə kifayət qədər böyük işlər görüb. İttifaqın təşəbbüsü ilə onlarla mühüm layihə reallaşıb, müsabiqələr təşkil olunub. Azərbaycanda yeni, müasir binaların tikintisi ilə bərabər, qədim memarlıq abidələrinin təmir və bərpası da diqqət mərkəzində saxlanılır. Ulu öndər Heydər Əliyev hələ keçmiş Sovet İttifaqı dövründə Azərbaycanda gözəl memarlıq nümunələrinin yaradılmasına xüsusi diqqət ayırırdı. Bu gün Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu işi uğurla davam etdirirlər.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini Dövlətxan Dövlətxanov Azərbaycan memarlarının şəhərsalma sahəsindəki uğurlarından söz açaraq qeyd edib ki, son illərdə həm paytaxtda, həm də bölgələrdə möhtəşəm müasir binalar, beynəlxalq standartlara cavab verən mehmanxanalar, olimpiya idman kompleksləri tikilib. Memarlar İttifaqının təşəbbüsü ilə mütəmadı olaraq sərgi və müsabiqələr keçirilir.

Qurultayda Azərbaycan Memarlar Ittifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə 2012-2017-ci illər ərzində fəaliyyəti barədə hesabatı dinlənilib.

Hesabat dövründə Memarlar İttifaqının 10 plenumu və katibliyin 49 iclası keçirilib, həmin iclaslarda respublika memarlığına dair aktual məsələlər müzakirə olunub, müvafiq qərarlar qəbul edilib. 2013-cü ildə Azərbaycan Memarlar İttifaqının orqanı olan “Memar” elmi-analitik informasiya jurnalının ilk nömrəsi işıq üzünü görüb. Jurnal ildə dörd dəfə, 1000 nüsxə tirajla çap olunur.

Memarlar İttifaqının üzvləri Beynəlxalq Memarlar İttifaqının 2014-cü ildə Cənubi Afrika Respublikasının Durban şəhərində və 2017-ci ildə Koreya Respublikasının paytaxtı Seulda keçirilən Ümumdünya konqreslərində və Baş Assambleyanın iclaslarında geniş nümayəndə heyəti ilə iştirak ediblər. Həmçinin Beynəlxalq Memarlar İttifaqına daxil olan II region ölkələri Memarlar İttifaqları prezidentlərinin görüşü 2017-ci ildə Bakı şəhərində keçirilib. Heydər Əliyev Mərkəzində Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən bu tədbir Azərbaycan memarlığının dünyada tanıdılması yolunda Memarlar İttifaqının atdığı mühüm addımlardan biridir. Hesabat məruzəsi dinlənildikdən sonra qurultay nümayəndələri tərəfindən memarlar ittifaqının fəaliyyətinə qiymət verilib, müvafiq qərar qəbul edilib.

2017-ci ilin may ayının 9-u Heydər Əliyev Fondunun Vitse-Prezidenti Leyla xanım Əliyeva Azərbaycan Memarlar İttifaqını ziyarət etmişdir, qurumun fəaliyyəti ilə və bizim memarların yaradıcılığı ilə tanış olmuşdur.

Daha sonra İttifaqın Təftiş komissiyasının hesabatı dinlənilib.

Qurultayda açıq səsvermə yolu ilə növbəti 5 il müddətinə Elbay Ənvər oğlu Qasımzadə Memarlar İttifaqının İdarə Heyətinin sədri seçilib. bundan əlavə, gizli səsvermə yolu ilə növbəti 5 ildə İttifaqın fəaliyyətini aparacaq İdarə heyəti seçilib, Təftiş komissiyasının tərkibi müəyyən olunub.

Qurultayın sonunda Azərbaycan memarlarının XIX qurultayının Qətnaməsi oxunulub. Sonda qurultay nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə Müraciəti oxunulub.

 

Mracit

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram