Previous Next

Abşeron arxeoloji ekspedisiyasının rəhbəri İdris Əliyevlə görüş

Yanvarın 29-da Azərbaycan Memarlar İttifaqının binasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Elmi Arxiv şöbəsinin müdiri, Tarix üzrə fəlsəfə doktoru, Abşeron arxeoloji ekspedisiyasının rəhbəri İdris Əliyevlə memarların görüşü oldu.

Bakı və Abşeronun qədim tarixi dövrlərindən soraq verən ərazilərin, buradakı tarixi memarlıq abidələrinin və tapılmış nadir eksponatların şəkillərindən ibarət slayd-şou ilə yanaşı ekspedisiya rəhbərinin danışdıqları da çox maraqlı məlumatlar idi. Abşeronun dünyanın qədim insan məskənlərindən biri olduğunu bildirən İdris Əliyev burada həmin fikri təsdiqləyən neçə-neçə təbiət və tarixi-memarlıq abidəsinin tapılaraq tədqiq olunduğunu diqqətə çatdırdı.

 

Abşeronun qədim abidələri sırasında pirlərin də adını çəkən alim bunların bəzilərinin günümüzədək gəlib çatdığını dedi. Qədim neft diyarı kimi tanınan Abşeronun yeraltı neft anbarlarından bəhs edərkən İdris Əliyev alman səyyahı Engelbert Kempferin 1683-cü ildə yarımada ərazisinə səyahət etdiyini bildirdi. Həm də yaxşı rəssam olan bu tanınmış alman səyyahının Abşeron ərazisindəki bir sıra qədim neft anbarlarının dəqiq təsvirini də verdiyini dedi. Slayd-şouda göstərilən abidələr haqqında ətraflı məlumat verən Abşeron arxeoloji

ekspesiyasının rəhbəri qədim memarlıq abidələrinin xüsusiyyətlərini, bunların memarlıq

baxımından maraq kəsb edən özəlliklərini də diqqətə çatdırdı. Belə maraqlı abidələrdən biri – 1990-cı ildə özünün aşkar etdiyi Balaxanı qəsri haqqında da İdris Əliyev olduqca maraqlı məlumatlar verdi. Abşeronda tarixən kənd təsərrüfatının inkişafında mühüm rol oynamış mülkiyyət forması – kənd icma torpaqları haqqında da məlumat verən alim neft çıxan icma torpaqlarının neftxudalara icarəyə verildiyini bildirdi: “Neft milyonçuları icarəyə götürdükləri

torpaqdan çıxarılan neftə görə icmaya haqq ödəyirdilər. Maraqlıı cəhətlərdən biri də bu idi ki, əgər hansısa səbəbdən neftxuda həmin ərazidən çıxıb gedərdisə, bütün daşınmaz əmlakını icma üçün saxlamalı idi. Zəngin tarixə malik Abşeronun bəzi memarlıq abidələrinin bu gün qayğıya

möhtac olduğunu deyən Abşeron arxeoloji ekspedisiyasının rəhbəri Xocəsəndəki ovdanların da hazırda tamamilə dağılmaq təhlükəsi qarşısında qaldığını bildirdi. İştirakçıların çoxsaylı suallarına cavab verən Tarix üzrə fəlsəfə doktoru İdris Əliyev bu görüşün təşkil edilməsinə görə Memarlar İttifaqının rəhbərliyinə təşəkkürünü bildirdi.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram