Previous Next

Memarlıq Fizikasi kitabının təqdimatı keçirilib

18 sentyabr 2015-ci ildə Azərbaycan Memarlar İttifaqının binasında memarlıq doktoru, Əməkdar ali məktəb xadimi, Azərbaycan Dövlət mükafatı laureatı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının (ŞÖBMA) və Rusiya Beynəlxalq Memarlıq və İnşaat Akademiyasının (RBMİA) akademiki, həmçinin Beynəlxalq Ekologiya Akademiyasının (BEA) və Avropa Akustiklər Cəmiyyətinin (EAA) həqiqi üzvü, memarlıq fi zikası və xüsusən memarlıq akustikası, konstruksiyaların səs izolyasiyası, səs-küylə mübarizə, memarlıq-inşaat texnikası və abidələrin bərpası üzrə tanınmış mütəxəssis Ramiz Əbdülrəhimovun “Memarlıq fizikası” adlı kitabının təqdimat mərasimi keçirildi.

Mərasimdə memarlıq təhsili alan tələbələr, Azərbaycanın inşaat materialları sektorunda geniş tanınan şirkətlərin nümayəndələri, ölkəmizin memarlıq və memarlıq tədrisi, eləcə də memarlıq tariximizin araşdırılması sahəsində tanınmış simaları – Nərgiz Abdullayeva, Rayihə Əmənzadə, Elturan Avalov, Zahidə Məmmədova, Səbinə Hacıyeva, Cəfər Qiyasi, Əlibəy Novruzi, Hafi z Əmirxanov, Nizami Nağıyev, Faiq Yüzbaşov, İlqar İsbatov, Ramidə Əbdülrəhimova, Fəqan Əliyev, Nazim Vəliyev və başqaları iştirak edirdilər.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin 10 iyul 2015-ci il tarixli 785 saylı əmri ilə dərslik kimi təsdiq edilmiş kitabda memarlığın nisbətən az öyrənilmiş sahəsi – memarlıq fizikası məsələləri haqqında müfəssəl məlumat verilir. Kitab Girişdən, “Memarlıq akustikası”, “İnşaat akustikası”, “Memarlıqda işıqlanmanın əsasları”, “Memarlıqda rəng”, “Memarlıq iqlimşünaslığı” fəsillərindən və Əlavələr hissəsindən ibarətdir. Dərslikdə ətraf fiziki mühitin binaların həcm-fəza və memarlıq kompozisiyasına, qoruyucu konstruksiyalarına, uzunömürlüyünə təsiri öyrənilməklə yanaşı insanların yaşamaları, çalışmaları və dincəlmələri üçün istənilən səs, işıq, rəng və istiliklə bağlı rahatlıq şəraitinin yaradılması yollarından danışılır.  Dərslik əsasən memarlıq, dizayn və inşaat ixtisasları üzrə bakalavr və magistr pillələrində təhsil alan tələbələr üçün nəzərdə tutulub. Kitabın müəllifi Ramiz Əbdülrəhimov əhatəli slayd-şounun köməyi ilə təqdimat mərasiminə toplaşanlara mövzu haqqında dolğun məlumat verdi. Bildirildi ki, memarlıqda elmi və yaradıcı irəliləyiş inkişaf etmiş yeni, proqressiv texniki tərəqqi və texnologiyanın tətbiqi ilə əlaqədardır. Savadlı və müasir tələblərə cavab verən memar, dizayner və inşaatçı kadrların yetişdirilməsində memarlıq fizikası elminin rolu böyükdür. “Memarlıq fizikası” kitabının müəllifi təqdimat mərasiminə toplaşanların suallarını da cavablandırdı. Azərbaycan Memarlar İttifaqının Məsul katibi, sənətşünaslıq üzrə elmlər doktoru Elçin Əliyev müəllifə memarlar adından təşəkkürünü bildirərək dedi: “Bütün Cənubi Qafqazda memarlıq fizikası ilə bağlı məsələlər sahəsində geniş tanınan mütəxəssis olaraq bu gün etdiyiniz maraqlı və əhatəli çıxış həm tələbələrimiz, həm də memar və inşaatçı mütəxəssislərimiz üçün çox faydalı olacaq. Sizi təbrik edir və bu istiqamətdə yeni araşdırmalarınızı gözləyirik”. Elçin Əliyev təqdimat mərasimində iştirak edən “Knauf Marketing Baku” MMCnin rəhbəri Samir Quliyevə şirkətin bu tədbirə və eləcə də Memarlar İtt ifaqının 2015-ci il ərzində keçirdiyi bir sıra digər tədbirlərə göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Sonra Ramiz Əbdülrəhimova “Knauf Marketing Baku” MMC adından xatirə hədiyyəsi təqdim edildi. Təqdimat mərasiminin sonunda bəzi iştirakçılar tədbirin gedişində məlumat verilən məsələlərlə bağlı fikirlərini və kitabın müəllifi nə arzularını bildirdilər. Ramiz Əbdülrəhimovu yaxından tanıyan bir çox digər həmkarları və dostları da onu təbrik etdilər və yeni-yeni uğurlar arzuladılar.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram