Respublikanın Əməkdar Memarı, Dövlət mükafatı laureatı Rasim Əliyevin 80 illik yubileyi keçirildi

İyulun 18-də Beynəlxalq Muğam Mərkəzində Əməkdar Memar, Dövlət mükafatı laureatı Rasim Əliyevin 80 illik yubileyi keçirildi. Tədbirdə memarın müxtəlif illərdə ərsəyə gətirdiyi əsərlərinin fotosərgisi, eləcə də yağlı və sulu boya ilə çəkdiyi rəsm əsərləri nümayiş etdirildi.

 

Dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri mərasimi açan Memarlar İttifaqı idarə heyətinin sədri Elbay Qasımzadə yubilyarın Azərbaycan mədəniyyətinə verdiyi dəyərli töhfələrdən danışdı. O bildirdi ki, Rasim Əliyev onlarla gözəl memarlıq əsərinin, bu gün abidə statusuna layiq olan binaların müəllifidir. O, həm də gözəl rəssamdır. Rasim Əliyevin rəng seçimi, rəssamlıq texnikası, tablolarında əks etdirilən lirika onun öz xarakterindən irəli gəlir. Qeyd olundu ki, görkəmli memarın böyük tələbə ordusu var. Rasim Əliyev bu gün də Memarlar İttifaqının fəal üzvüdür, tədbirlərində yaxından iştirak edir. O, nəinki Azərbaycanda, xarici ölkələrdə də tanınır. E. Qasımzadə memarlığı əbədi səslənən musiqi, Rasim Əliyevi isə bu musiqini səsləndirən bənzərsiz sənətkar adlandırdı.

Tədbirdə görkəmli sənətkar haqqında çəkilmiş "Memar" filmindən fraqmentlər göstərildi. Filmin nümayişindən sonra yubilyara Memarlar İttifaqının Fəxri Fərmanı təqdim edildi. Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Prezidentinin 2014-cü il 16 iyul tarixli Sərəncamı ilə Rasim Əliyevin "İstiqlal" ordeni ilə təltif edildiyini vurğulayaraq mədəni ictimaiyyətimiz adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirdi.

Yubilyarın uzun illər həmkarı olan heykəltəraş, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov Rasim Əliyevin memarlığa, rəssamlığa vurğun insan olduğunu söylədi, təbiətə sevgisini isə onun həyatının ikinci məhəbbəti kimi səciyyələndirdi.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq Yazıçısı Anar bildirdi ki, Rasim Əliyev öz peşəsində xüsusi yeri olan memardır.

Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Milli Məclisin deputatı Gülçöhrə Məmmədova yubilyarın gənc nəslin yetişməsindəki rolunu vurğuladı.

Mərasimdə Rusiya Memarlıq və İnşaat Elmləri Akademiyasının prezidenti Aleksandr Kudryavtsevin adından memara xüsusi mükafat təqdim edildi, Rusiya Memarlar İttifaqının prezidenti Andrey Bokovun, Beynəlxalq Memarlıq Akademiyasının akademiki Yuriy Platonovun və başqalarının təbrik məktubları oxundu.
Əməkdar Memar Rasim Əliyev tədbirin təşkilində əməyi olan hər kəsə dərin təşəkkürünü bildirdi. O, öz həyatında, yaradıcılığında ulu öndər Heydər Əliyevin əvəzsiz rolunu xüsusi qeyd etdi. Memar, Prezident İlham Əliyevə və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya memarlıq sahəsinə göstərdikləri böyük diqqət və qayğıya görə öz dərin minnətdarlığını bildirdi.

Tədbirə toplaşanlar Rasim Əliyevi təbrik etdilər, ona can sağlığı, fəaliyyətində yeni yaradıcılıq uğurları arzuladılar.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram