Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinin təntənəli mükafatlandırma mərasimi keçirilmişdir

2013-cü il 03 noyabr tarixində Bakı şəhərində "Four Seasons Hotel Baku" mehmanxanasının "Segah" ziyafətlər zalında Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikasının Memarlar İttifaqının təşkilatçılığı, Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "Birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı" müsabiqəsinin təntənəli mükafatlandırma mərasimi keçirilmişdir.

Mərasimdə ölkəmizdən və dünyanın müxtəlif dövlətlərindən dəvət edilmiş çoxsaylı qonaqlar, Rusiya, Belarus, Gürcüstan, Qazaxıstan, Tacikistan, Türkmənistan, Serbiya və digər ölkələri təmsil edən Memarlar İttifaqlarının rəhbər şəxsləri, ictimai və siyasi xadimlər iştirak etmişdir.

Tədbirdə salamlama nitqi ilə çıxış edən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayev qeyd etmişdir ki, bu gün çağdaş Azərbaycan memarlığı özündə tarixi ənənələri əks etdirməklə yanaşı, inşa edilmiş modern tikililərlə ölkəmizin tarixi görünüşünə müasir çalarlar bəxş etməkdədir. Son dövrlərdə həyata keçirilən quruculuq işləri nəticəsində Azərbaycanın müasir siması formalaşır və istər yerli sakinlərə, istərsə də ölkəmizə səfər edən qonaqlara yüksək estetik zövq verən məkanlar yaradılaraq istifadəyə verilir. Bu cür modern incəsənət nümunələrindən olan Heydər Əliyev Mərkəzi, "Alov qüllələri" kompleksi, eləcə də Beynəlxalq Muğam Mərkəzinin və Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin binaları Bakının müasir simvoluna çevrilməklə yanaşı, planetimizin ən möhtəşən tikililəri sırasına daxil edilmişdir. Təsadüfi deyil ki, "Bakı Ağ şəhər" layihəsi dünyada ən yaxşı şəhərsalma layihələrindən biri hesab olunur. Nazir çıxışında vurğulamışdır ki, dünyanın 30 ölkəsindən 300-dan artıq layihənin təqdim edildiyi Birinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi mühüm əhəmiyyət kəsb edir. Müsabiqənin bütün dünyada tanınmış mütəxəssislərindən ibarət təşkil olunmuş Münsiflər heyəti, eləcə də müsabiqəyə təqdim olunmuş işlərin sayı və keyfiyyəti layihənin önəmini bir daha təsdiq edir.

Tədbirdə Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri ilə yanaşı Beynəlxalq Memarlar İttifaqının baş katibi cənab Mişel Barmaki, Azərbaycan Respublikasının Memarlar İttifaqının İdarə Heyətinin sədri cənab Elbay Qasımzadə salamlama nitqləri ilə çıxış etmiş, müsabiqə barədə hazırlanmış film nümayiş etdirilmişdir.

Mərasimdə cari ilin 01-02 noyabr tarixlərində Bakı şəhərində keçirilmiş, Beynəlxalq Memarlar İttifaqının Baş katibi cənab Mişel Barmakinin sədrlik etdiyi və Azərbaycan Respublikasının Memarlar İttifaqının sədri cənab Elbay Qasımzadənin, Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti cənab Vassilis Squtasın, Beynəlxalq Memarlar İttifaqının vitse-prezidentləri cənab Tomas Vonier və cənab Hayder Alinin üzv olduğu Beynəlxalq Münsiflər Heyətinin toplantılarının nəticələri açıqlanmışdır. Nəticələrə əsasən müsabiqənin qalibləri sonrakılardır:

A kateqoriyası üzrə - "İctimai binaların memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə" nominasiyası:

Birinci dərəcəli diplom, müsabiqənin simvolik heykəlciyi və 4000 AZN pul mükafatı ilə cənab Rodriges Rebelo Kamilo və cənab Tiago Pimentel Pedro "Koa İncəsənət və Arxeologiya Muzeyi" layihəsi ilə (Portuqaliya Respublikası);

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə cənab Valentini Sergio Jahn "Mansueto Kitabxanası" layihəsi ilə (ABŞ);

Üçüncü dərəcəli diplom və 1000 AZN pul mükafatı ilə cənab Tierri Şambon, cənab Maksim Repaö və cənab Frederik Roustan "Fransanın Valensiya şəhərində yerləşən İctimai Mədəniyyət Mərkəzi" layihəsi ilə (Fransa Respublikası).

Qeyd edilən kateqoriya üzrə mükafatları qaliblərə Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri cənab Abbas Ələsgərov və Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti cənab Vassilis Squtas təqdim etmişlər.

B kateqoriyası üzrə - "Yaşayış binalarının memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə" nominasiyası:

Birinci dərəcəli diplom, müsabiqənin simvolik heykəlciyi və 4000 AZN pul mükafatı ilə cənab Arnod Lakoste "D" evi layihəsi ilə (Fransa Respublikası);

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə cənab Kenji Ido "Tamatsuda inşa edilmiş ev" layihəsi ilə (Yaponiya);

Üçüncü dərəcəli diplom və 1000 AZN pul mükafatı ilə cənab Nəriman İmaməliyev "Şüvəlan qəsəbəsində villa "Oskar"" layihəsi ilə (Azərbaycan Respublikası).

Qeyd edilən kateqoriya üzrə mükafatları qaliblərə Beynəlxalq Memarlar İttifaqının Baş katibi cənab Mişel Barmaki və Azərbaycan Respublikasının Memarlar İttifaqının İdarə Heyətinin sədri cənab Elbay Qasımzadə təqdim etmişlər.

C kateqoriyası üzrə - "Həyata keçirilmiş ən yaxşı interyer" nominasiyası:

Birinci dərəcəli diplom, müsabiqənin simvolik heykəlciyi və 4000 AZN pul mükafatı ilə cənab Kim Kidak "Bay Bay Bornsayd" layihəsi ilə (ABŞ);

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə cənab Yaroslav Usov "Antonovka" qəsəbəsində bağ evi layihəsi ilə (Rusiya Federasiyası);

Üçüncü dərəcəli diplom və 1000 AZN pul mükafatı ilə cənab Rəhim Seyfullayev "Bakıda Gənclər Teatrının interyeri" layihəsi ilə (Azərbaycan Respublikası).

Qeyd edilən kateqoriya üzrə mükafatlar qaliblərə Beynəlxalq Memarlar İttifaqının vitse prezidenti cənab Tomas Vonier və Azərbaycan Respublikasının Memarlar İttifaqının katibi cənab İlqar Bəylərov tərəfindən təqdim edilmişdir.

D kateqoriyası üzrə - "Həyata keçirilməmiş ən yaxşı layihə" nominasiyası:

Bu nominasiya üzrə qalibləri müəyyən edərkən, Beynəlxalq Münsiflər Heyəti birinci və üçüncü yerlərin ləğv edilməsi və 3 iştirakçının ikinci yerə layiq görülməsi barədə qərar qəbul etmişdir. Qərara əsasən:

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə cənab Zaur Qafarov "Multimedia mərkəzinin layihə təklifi ilə" (Azərbaycan Respublikası);

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə cənab Patrik Kollier "Bioklimatik evlər" layihəsi ilə (Mərakeş Krallığı);

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə cənab Nikolay Lim Tayvanda "Qaosyun şəhərində Dəniz mədəniyyəti və pop-musiqi Mərkəzi" layihəsi ilə (Rusiya Federasiyası).

Qeyd edilən kateqoriya üzrə mükafatlar qaliblərə Beynəlxalq Memarlar İttifaqının vitse-prezidenti cənab Hayder Ali və Azərbaycan Respublikasının Memarlar İttifaqının məsul katibi cənab Elçin Əliyev tərəfindən təqdim olunmuşdur.

E kateqoriyası üzrə - "Landşaft memarlığı sahəsində həyata keçirilmiş ən yaxşı layihə" nominasiyası:

Birinci dərəcəli diplom, müsabiqənin simvolik heykəlciyi və 4000 AZN pul mükafatı ilə cənab Znidarsik Aves "Bled gölü sahilində yerləşən avarçəkmə mərkəzində tamaşaçılar üçün kürsü" layihəsi ilə (Sloveniya Respublikası);

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə cənab Rako Goran "Visedol Arxeoloji Muzeyi" layihəsi ilə (Xorvatiya Respublikası);

Üçüncü dərəcəli diplom və 1000 AZN pul mükafatı ilə cənab Silva Raulino Rikardo "Təchizat" layihəsi ilə (Portuqaliya Respublikası).

Qeyd edilən kateqoriya üzrə mükafatlar qaliblərə Belarus Memarlar İttifaqının vitse-prezidenti Aleksandr Korbut və Azərbaycan Respublikasının Memarlar İttifaqının katibi cənab Fərhad Mollazadə tərəfindən təqdim edilmişdir.

F kateqoriyası üzrə - "Binaların bərpası və yenidən qurulması sahəsində həyata keçirilmiş ən yaxşı layihə" nominasiyası:

Birinci dərəcəli diplom, müsabiqənin simvolik heykəlciyi və 4000 AZN pul mükafatı ilə cənab Kurdiani Zaxariy "Tbilisidə funikulyorun yuxarı stansiyasının və "Mtasminda" restoranının rekonstruksiya layihəsi" ilə (Gürcüstan Respublikası);

İkinci dərəcəli diplom və 2500 AZN pul mükafatı ilə cənab Rasim Babakişiyev "İçərişəhərdə yaşayış evinin bərpası ilə "Şah Palace" otelinin regenerasiyası" layihəsi ilə (Azərbaycan Respublikası);

Üçüncü dərəcəli diplom və 1000 AZN pul mükafatı ilə xanım Landolina Nazzarena "Qarda gölünün sahilində villa" layihəsi ilə (İtaliya Respublikası).

Qeyd edilən kateqoriya üzrə qaliblərə mükafatlar Tacikistan Memarlar İttifaqının prezidenti cənab Baxrom Yusupov və Azərbaycan Respublikasının Memarlar İttifaqının katibi, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, millət vəkili xanım Gülçöhrə Məmmədova tərəfindən təqdim edilmişdir.

G kateqoriyası üzrə - "Memarlıq sahəsində ən yaxşı nəşr" nominasiyası:

Bu nominasiya üzrə qalibi müəyyən edərkən Beynəlxalq Münsiflər heyəti belə qərara gəldi ki, bütün yerlər ləğv olunsun və təqdim olunan nəşrlər içərisində aşağıdakı 5 nəşr mükafata layiq görülsün. Təqdim edilmiş işlər içərisində aşağıda qeyd olunan nəşrlər fərqləndirilərək sonrakı mükafatlara layiq görülmüşdür:

Müsabiqənin Fəxri diplomu və 1500 AZN pul mükafatı ilə cənab Şamil Fətullayev-Fiqarov "Abşeron memarlığı" kitabına görə (Azərbaycan Respublikası);

Müsabiqənin Fəxri diplomu və 1500 AZN pul mükafatı ilə xanım Rəna Əfəndizadə "Azərbaycan memarlığı XIX əsrin sonu-XXI əsrin əvvəli" kitabına görə (Azərbaycan Respublikası);

Müsabiqənin Fəxri diplomu və 1500 AZN pul mükafatı ilə cənab İqor Voskresenskiy "Memarlıq. İnşaat. Dizayn" dərgisinə görə (Rusiya Federasiyası);

Müsabiqənin Fəxri diplomu və 1500 AZN pul mükafatı ilə cənab Elçin Əliyev və cənab İlqar İsbatov "Bakı Dövlət Layihə İnstitutunun yubileyinə həsr olunmuş" kitaba görə (Azərbaycan Respublikası);

Müsabiqənin Fəxri diplomu və 1500 AZN pul mükafatı ilə Azərbaycan Memarlar İttifaqı "Memar" analitik informasiya jurnalına görə.

Qeyd edilən kateqoriya üzrə mükafatlar qaliblərə Gürcüstan Memarlar İttifaqının prezidenti cənab David Abuladze və Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru xanım Maisə Rəhimova tərəfindən təqdim edilmişdir.

Azərbaycan Respublikasının Memarlar İttifaqının İdarə heyəti adından Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri cənab Əbülfəs Qarayevə Azərbaycan memarlığının inkişafında göstərdiyi xüsusi xidmətlərə görə "Birinci Bakı Beynəlxalq Memarlıq Mükafatı"nın simvolik heykəlciyi və Fəxri Fərman təqdim edilmişdir.

Bundan əlavə Beynəlxalq Memarlar İttifaqının Baş katibi cənab Mişel Barmaki, münsiflər heyətinin üzvləri olan Beynəlxalq Memarlar İttifaqının sabiq prezidenti cənab Vassilis Squtas, Beynəlxalq Memarlar İttifaqının vitse-prezidentləri cənab Tomas Vonier və cənab Hayder Ali Azərbaycan Respublikasının Memarlar İttifaqının Fəxri üzvü elan olunmuş və müvafiq diplomlarla təltif edilmişdir.

Azərbaycan Respublikasının Memarlar İttifaqının sədri cənab Elbay Qasımzadə Rusiya Federasiyasının Memarlar İttifaqının 30 illiyinə həsr olmuş döş nişanı və Tacikistan Memarlar İttifaqının "Ustad Memar" medalları ilə təltif olunmuşdur. Mükafatlar müvafiq olaraq Rusiya Federasiyasının Memarlar İttifaqının prezidenti cənab Andrey Vladimiroviç Bokov və Tacikistan Memarlar İttifaqının prezidenti cənab Baxrom Yusupov tərəfindən təqdim edilmişdir.

Təntənəli mükafatlandırma mərasiminin bədii hissəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestri, Azərbaycan Respublikasının əməkdar artisti Tünzalə Ağayeva, Prezident təqaüdçüsü xanəndə Babək Niftəliyev və muğam triosu, "Qaya" qrupu, "Avroviziya-2012" Beynəlxalq Mahnı Müsabiqəsinin dördüncüsü Səbinə Babayeva, Ən yaxşı pianoçu nominasiyası üzrə "Montre" Festivalı laureatı Emil Əfrasiyab və qrupu (ABŞ) çıxış etmiş, tədbirin xüsusi qonağı qismində iki dəfə "Qremmi" mükafatı laureatı, dünya şöhrətli caz ifaçısı Bob Ceyms (Bob James) möhtəşəm kompozisiyalardan ibarət ifalarla çıxış etmişdir. Mərasimin idarəçiliyi "Avroviziya-2012" Beynəlxalq mahnı müsabiqəsinin aparıcısı olmuş Leyla Quliyeva tərəfindən həyata keçirilmişdir.

Tədbirin sonunda müsabiqənin xatirə fotosu çəkilmişdir.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram