Previous Next

29-30 mart 2018-ci il tarixlərində Beynəlxalq Memarlar İttifaqının (BMİ) prezidenti Tomas Vonierin başçılıq etdiyi nümayəndə heyəti Bakıda “Four Seasons” otelində BMİ-nin Büro iclasını keçirib.

İclasda iştirak etmək ücün Bakıya, 2017-ci ildə Seulda Ümumdünya Memarlıq Konqresində seçilmiş BMİ Bürosunun üzvləri gəlmişlər: BMİ-nin Prezidenti Tomas VONIER, BMİ-nin Past-prezidenti Esa Mohammed, BMİ-nin Baş katibi Serban Tiqanas, BMİ-nin xəzinədarı Fabian Llisterri, BMİ-nin regionlar üzrə vitse-prezidentləri Nikos Fintikakis, Jong Ruhl Hahn, Mohammed Munyanya.

Martın 29-da Beynəlxalq Memarlar İttifaqının Büro üzvləri və Azərbaycan Memarlar İttifaqının nümayəndələri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə xanım Əliyevanın məzarlarını, eləcə də Şəhidlər Xiyabanını ziyarət etmişlər,  "Əbədi Məşəl" memorialının önünə əklillər qoymuşlar.

Saat 10-da “Four Seasons” otelinin konfrans zalında KİV təmsilçiləri üçün BMİ-nin Büro üzvlərinin mətbuat konfransı keçirilmişdir. Mətbuat nümayəndələri qonaqlara BMİ-nin Bürosunun işi haqqında və bütövlükdə BMİ-nin fəalliyyəti haqqında suallarla müraciət etmişlər.

Konfrans başa çatdıqdan sonra Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı ilə BMİ Bürosunun Bakı iclası öz işinə başlamışdır.

Gündəlik üzrə ilk məsələ olaraq, BMİ-nin Şurasının Parisdə keçirilmiş 134-cü iclasının protokollarına və qətnamələrinə baxılmışdır. BMİ-nin prezidenti Tomas Vonierin, baş katib Serban Tiqanasın, Past-prezident Esa Mohammedin, BMİ vitse-prezidentləri Nikos Fintikakis, Jong Ruhl Hahn və Mohamed Munyanyanın regionlar üzrə fəaliyyətləri barədə hesabatlar dinlənilmişdir.

Sonra BMİ-nin xəzinədarı Fabian Llisterri iclas iştirakçılarına BMİ-nin maliyyə hesabatını təqdim etmişdir. Büro toplantısında BMİ-nin işçi proqramlarına dair məsələlərə toxunulmuş, Daimi komissiyaların fəaliyyəti ilə bağlı, CAE, FPAA, UMAR, ACE, AMİ regional təşkilatlarla əlaqələr məsələlər və digər işçi müzakirələr aparılmışdır.

Tədbir çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının Büro üzvlərini qəbul etmişdir.

Martın 30-da BMİ Bürosunun iclası davam etmişdir. İclasdan sonra Büro üzvləri ekskursiya proqramı çərçivəsində Bakı şəhərinin görməli yerlərini gəzərək paytaxtımızın qədim memarlıq abidələri və sürətlə inkişaf etməkdə olan müasir memarlıq nümunələri ilə tanışlıqdan zəngin təəssüratlar əldə etmişlər.

İçəri Şəhərdə gəzinti zamanı BMİ Büro üzvləri "İçəri Şəhər" Dövlət Tarix-memarlıq qoruğu İdarəsinin rəhbəri Əsgər Ələkbərovla görüşmüşlər. Görüşdən sonra qonaqlar İçəri Şəhəri gəzərək, köhnə şəhər, Qız qalası, Şirvanşahlar sarayı kompleksi ilə tanış olmuş, Bakı şəhərinin qədim memarlıq abidələri ilə bağlı ətraflı məlumat almışlar.

Previous Next

Seulda Beynəlxalq Memarlar İttifaqının (BMİ) növbəti konqresi keçirilib. Memarlıq sahəsində ən böyük beynəlxalq tədbir hesab olunan konqresdə 124 ölkəni təmsil edən 10 mindən çox iştirakçı, o cümlədən memar, hökumət rəsmiləri, elm adamları, tələbələr iştirak edib.

 

Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan, Beynəlxalq Memarlar İttifaqının 3-10 sentyabr tarixlərində keçirilən konqresində təmsil olunub.

Azərbaycan konqresdə geniş nümayəndə heyəti ilə iştirak edib. Nümayəndə heyətinin tərkibinə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycanın Koreya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəmzi Teymurov və Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə, digər aparıcı memarlar daxil olub. 

Konqresin təşkilatçısı Beynəlxalq Memarlar İttifaqı, Seul bələdiyyəsi və Koreya Memarlar İnstitutları Federasiyasıdır.

      Sentyabrın 10-da Beynəlxalq Memarlar İttifaqının Baş Assambleyası çərçivəsində Azərbaycana həsr olunmuş təqdimat keçirilib.

Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov gənc müstəqil ölkə olan Azərbaycanın müxtəlif sahələrdə əldə etdiyi uğurlardan danışıb, Azərbaycanın son illər bir çox beynəlxalq təbdirlərə, idman yarışlarına, mədəni və humanitar forumlara yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib, beynəlxalq ictimaiyyətin ölkəmizin təşkilatçılıq qabiliyyətini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb. O, Azərbaycanın gələcəkdə Beynəlxalq Memarlar İttifaqının konqreslərini təşkil etməyə hazır olduğunu qeyd edib.

Sonra Azərbaycanın tarixi, təbiət gözəllikləri, mədəni irsi, tarixi və müasir memarlıq abidələrinə dair film nümayiş etdirilib.

Seul toplantısında Baş Assambleyanın qərarı ilə Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə Beynəlxalq Memarlar İttifaqının Şura üzvü seçilib.  Yüksək tribunadan çıxış edən Elbay Qasımzadə ölkəmizin memarlıq ənənələrindən, son illər inşa olunan və memarlıq nöqteyi-nəzərindən diqqət cəlb edən binalardan danışıb. O, rəhbərlik etdiyi təşkilatın Beynəlxalq Memarlar İttifaqının işində fəal iştirak etdiyini, Bakıda memarlıq sahəsində  beynəlxalq əhəmiyyətli tədbirləri, müsabiqə və festivalları keçirdiyini,  mütəmadi olaraq cəmiyyətdə memarların yerinin və rolunun gücləndirilməsi ilə məşğul olduğunu qeyd edib.

Konqres çərçivəsində keçirilən sərgidə Heydər Əliyev Fondunun dəstəyi ilə “Bakı Şərq və Qərb memarlığının kəsişməsində” adlı geniş guşə və pavilyon fəaliyyət göstərib.

Konqres çərçivəsində, Heydər Əliyev Fondunun dəstəyi ilə Azərbaycan Memarlar İttifaqı və Azərbaycanın Koreya Respublikasındakı səfirliyi tərəfindən “Azərbaycan gecəsi” keçirilib.

Beynəlxalq Memarlar İttifaqının rəhbər şəxslərinin, üzv ölkələrin nümayəndə heyətlərinin, diplomatik korpusun və yerli ictimaiyyət nümayəndələrinin təmsil olunduğu mərasimdə çıxış edən səfir Rəmzi Teymurov Azərbaycanın müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi altında uğurlu inkişafından söz açıb. Diplomat Birinci vitse-prezident Mehriban Əliyevanın Azərbaycan mədəniyyətinin dünyada tanıdılması və təbliği sahəsində gördüyü işlər barədə məlumat verib, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizdə və xaricdə həyata keçirdiyi layihə və tədbirlərin əhəmiyyətini qeyd edib.

Rəsmi qəbulda milli musiqimiz, milli rəqslərimiz, Azərbaycan etno-caz musiqisi, eləcə də milli mətbəximizin təamları təqdim olunub. 

                                                                       

20 oktyabr 2015-ci il

Bakı, Azərbaycan.

Azərbaycan Memarlar İttifaqının sədri

Cənab Elbay Qasımzadəyə

Əziz Elbay,

İkinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi ilə əlaqədar Münsiflər heyəti adından minnətdarlığımızı və təbriklərimizi qəbul edin. Azərbaycandakı dostlarımızın və həmkarlarımızın, eləcə də sizin hökumətin verdiyi müstəsna dəstəyin sayəsində Müsabiqənin proqramı böyük uğurla keçdi.

Bu il münsiflər heyəti, bütün dünyanın 34-dən artıq ölkəsindən müsabiqəyə  təqdim olunmuş çoxlu gözəl işlərlə tanış oldu; buna görə də biz, BMİ-nin qərarı ilə müsabiqənin növbəti mərhələsini ola biləcəyindən daha yaxşı keçirmək əzmindəyik. Hər şeydən əvvəl biz istəyirik ki, Bakı müsabiqəsi  beynəlxalq miqyasda daha geniş təbliğ olunsun və şöhrət qazansın. Bununla əlaqədar olaraq, müsabiqənin nominasiyaları,  prosedurları və digər məsələlərlə bağlı Münsiflər heyətinin üzvlərinin əlavə təklifləri ola bilər. Biz ümid edirik ki, siz növbəti mərhələ üçün  irad və təkliflərə açıq olacaqsınız.

5 oktyabr 2015-ci il – Ümumdünya Memarlıq Günü

Memarlıq, inşaat, iqlim – öhdəliklər və həllər

Paris – 25 iyul 2015.

Bütün dünyadan olan 1,3 mln. memarı təmsil edən Beynəlxalq Memarlar İttifaqı (BMI), 2015-ci ilin Ümumdünya Memarlıq Gününün mövzusunu elan edib: Memarlıq, inşaat, iqlim.

Bütün ölkələrin milli hökumətlərinin  COP21  iqlim dəyişmələrinə dair bu ilin sonunda keçiriləcək beynəlxalq danışıqlarla məşğul olduqları bir zaman BMİ, milli və regional memarlıq təşkilatları ilə birgə, bu proseslə bağlı parnik qazları tullantılarının azaldılmasında memarlıq layihələndirilməsi və şəhərsalmanın  mühüm roluna xüsusi diqqət ayıracaq.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)