Bu ilin 23 iyul tarixində Beynəlxalq Memarlar İttifaqı Şurasının toplantısı keçirilib, toplantının gedişində Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri, BMİ-nin Şura üzvü Elbay Qasımzadə 12 iyulda Tovuzda baş verən təcavüzlə əlaqədar xüsusi bəyanatla çıxış edib.
“Bilirsiniz ki, hazırda bütün dünya koronavirus pandemiyası ilə əlaqədar böyük problemlər yaşamaqdadır. Hər kəs bu bəlanın öhdəsindən bacardığı kimi gəlməyə çalışır. Ölkəmizdə də bu xəstəliyin aradan qaldırılması üçün çox işlər görülür və bir sıra uğurlarımız da var.
Ancaq ölkəmizdə hər hansı xəstəliklə əlaqəli olmayan başqa bir bəla da mövcuddur. Siz bilirsiniz ki, bu il iyul ayının 12-də Azərbaycanın sərhəd xətti Ermənistan tərəfindən hücuma məruz qalıb. Bilirsiniz ki, Dağlıq Qarabağ problemi otuz ildən bəridir davam edir. Bilirsiniz ki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT-nin Təhlükəsizlik Şurası dörd qətnamə qəbul edib. Bu, bizim problemimizdir və bacardığımız qədər onun öhdəsindən gəlməyə çalışırıq. Biz bu müşkülü sülh yolu ilə həll eləmək istərdik və bunun üçün lazım olan hər şeyi edirik. Amma iyulun 12-də baş verənlər Qarabağ ərazisində cərəyan etməmişdir. Bu, Qarabağdan bir neçə yüz kilometr aralıdadır, bu, Azərbaycan ərazisinə edilmiş hücumdur.
Hamınız bilirsiniz ki, 12 il ərzində mən Şura daxilindəki fəaliyyətimi heç zaman siyasiləşdirməyə çalışmamışam. Demək olar ki, hamınız keçən il Bakıda keçirilmiş Forumda iştirak etmisiniz, Azərbaycanın nə olduğunu və azərbaycanlıların kim olduqlarını görmüsünüz, Azərbaycan Prezidenti ilə görüşmüsünüz və onun yüksək mədəniyyətli, müasir, dərin düşüncəli bir insan olduğunu başa düşmüsünüz.
Forumun gedişində işğal altındakı Azərbaycan ərazilərində yerləşən bütün memarlıq abidələrinin hazırkı vəziyyətini nümayiş etdirdiyimiz sərgiyə baxmısınız.
Bu gün biz Azərbaycanın ən böyük şəhərlərindən biri olan Ağdamın 27 il əvvəl işğal edildiyi gündə görüşürük.
Bizim heç kimə qarşı ərazi iddiamız yoxdur, yalnız bircə tələbimiz var – bu, Azərbaycanın işğal olunmuş torpaqlarının geri qaytarılmasıdır.
Qeyd etmək istəyirəm ki, bir çoxunuz bu bəlaya reaksiya verdiniz və məktublarınızı göndərərək bizə dəstək oldunuz. Bunlar bizim dostlarımız – Esa Mohammed, Sherban Tiganas, Muhammad Munyanya, Nikos Fintikakis, Jose Luis Cortes, Vasilis Sgutas, Tan PengInn, Jerji Grokhulsky, Isteliana Atanasova, Taufik el Rashidi, Kevin Begham və başqalarıdır. Dəstəyinizə və xoş sözlərinizə görə minnətdaram, onlara ehtiyacımız vardı və biz bunları dostlarımızdan gördük.
Artıq söyləmişəm ki, biz torpaqlarımızın sülh yolu ilə azad olunmasını istəyirik. Ancaq mən bilirəm ki, bu baş verməzsə, torpaqlarımızı azad etməyin başqa yolları da var və biz də bu yollardan istifadə edəcəyik.
Ümid edirəm ki, o zaman sizi tarixi Azərbaycan torpağında - Qarabağın mərkəzində, çox sayda hörmətli qonağın ziyarət etməsinə layiq möhtəşəm Şuşa şəhərində qəbul etmək şərəfinə nail ola biləcəyik.
Sözlərimi anlayışla qəbul etməyinizi istəyir və dəstəyiniz üçün bir daha təşəkkürümü bildirirəm!”