Previous Next

Şəkidə Azərbaycan Memarlar İttifaqı idarə heyətinin Qış Plenumu keçirildi

Azərbaycan Memarlar İttifaqının İdarə heyəti 14 dekabr 2019-cü il tarixində Şəki şəhərinin möhtəşəm Heydər Əliyev Mərkəzində qış Plenumu keçirildi. Plenum iştirakçıları Ümummilli lider Heydər Əliyevə ucaldılmış abidənin önünə gül dəstələri qoyaraq öz ehtiramlarını ifadə etdilər. Sonra tədbir iştirakçıları memarlarımızın yaradıcılığını əks etdirən “Müasir Azərbaycan memarlığı” sərgisi ilə tanış oldular.

 

Tədbiri giriş sözü ilə açan Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri Elbay Qasımzadə tədbir iştirakçılarını salamladı və bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işləri şəhərsalma və memarlıq sahəsinin inkişafına da dəyərli töhfələr verib. Təkcə paytaxt Bakının deyil, regionlarımızın da siması tamamilə dəyişərək, yenilənib və müasirləşib. Bunu qədimliyini qorumaqla, daha da gözəlləşən Şəkidə də müşahidə etmək mümkündür. Son illər ölkə rəhbərliyinin diqqət və qayğısı sayəsində Şəki şəhərində və regionda geniş quruculuq işləri aparılmış, tarixi abidələr təmir və bərpa edilmişdir.

Elbay Qasımzadə qeyd etdi ki, Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin 2019-cu ilin qış Plenumu, Şəki Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi mövzusuna həsr edilib. O, bu münasibətlə şəkililəri təbrik etdi.

Çıxışının sonunda Elbay Qasımzadə Plenumun keçirilməsi üçün yaradılan şəraitə görə Şəki şəhəri İcra Hakimiyyətinin Başçısı cənab Elxan Usubova Azərbaycan memarları adından minnətdarlığını bildirdi.

Şəki şəhəri İcra hakimiyyətinin Başçısı Elxan Usubov Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Plenumunun iştirakçılarını və qonaqları salamladı, plenumun işində onlara müvəffəqiyyətlər arzuladı. O dedi: “Hesab edirəm ki, elmi müzkirələr tarixi və memarlıq abidələrimizə bir daha diqqətlə yanaşmaq, onların qorunub saxlanılması işində bizi daha məsuliyyətli olmağa səfərbər edəcəkdir. Ona görə ki, memarlıq abidələri bizim tarixi keçmişimizi özündə yaşadır”.

Sonra Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi cənab Zakir Sultanovun məruzəsi dinlənildi.

Sonra AMEA-nın Memarlıq və İncəsənət institutunun “Şəhərsalma” şöbəsinin müdiri Samirə Abdullayevanın “Şəki şəhərinin tarixi mühitində şəbəkə sənəti” mövzusunda məruzəsi dinlənildi. Məruzədə Şəkinin incisi sayılan Şəki Xan sarayının şəbəkə dekorativ elementləri, ümumiyyətlə şəbəkə sənətinin tarixi haqda məlumat verildi.

Dinlənilən məruzələr üzrə müzakirələr və çıxışlarda ilk söz alan Azərbaycan Memarlar İttifaqının Şəki bölməsi üzrə səlahiyyətli nümayəndəsi Seyran Məmmədov, Şəkinin sənətkarlıq və xalq yaradıcılığından, şəhərin tarixi hissəsində yerləşən mədəni abidələrin qorunub saxlanılması, bərpası məsələlərindən söhbət açdı. O, həmçinin Mİ-nin Şəki bölməsinin fəaliyyəti barədə məlumat verdi, yerli memarlar adından bu Plenumun Şəkidə keçirildiyinə görə Memarlar İttifaqına minnətdarlığını bildirdi.

Daha sonra söz alan Dövlət Turizm Agentliyinin əməkdaşı, Memarlar İttifaqının üzvü Nizami Qasımov, Şəkidə gedən təmir-bərpa işlərindən, həmçinin turizm axınının idarə olunması problemlərindən danışdı, bu işdə ərazidə yaşayan sakinlərin dəstəyinə ehtiyac olduğunu vurğuladı.

Plenumda iştirak edən Mədəniyyət Nazirliyinin əməkdaşı Araz Bağırlı öz çıxışında qeyd etdi ki, Azərbaycan mədəniyyətinin və diplomatiyasının tarixi qələbəsi kimi qiymətləndirilə biləcək bu nailiyyət illərlə sürən gərgin fəaliyyət və mübarizə nəticəsində əldə olundu. Mədəniyyət Nazirliyi, Xarici İşlər Nazirliyinin UNESCO yanında Milli Komissiyası, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyi, “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutu, müxtəlif strukturlarımız, yerli və xarici ekspertlər bu işdə birgə komanda şəklində çalışmışlar.

Ölkəmizin son illər beynəlxalq qurumlarda, o cümlədən UNESCO kimi mötəbər təşkilatda qazandığı nüfuzu sayəsində səsvermə prosesində demək olar ki, bütün ölkələr Azərbaycanın nominasiyasını dəstəklədilər. Hazırda biz Şəkinin bu siyahıda qalması üçün müvafiq tədbirlərin düzgün və vaxtında görülməsinə görə məsuliyyət daşıyırıq. Çünki siyahıya daxil edilmək prosesin sonu deyil və bütün dünya üzrə irs yerlərində mütəmadi monitorinqlər aparılır, beynəlxalq mühafizə tələblərinin pozulduğu təqdirdə nominasiyaların Siyahıdan çıxarılma riski qaçılmaz olur. Buna görə biz çalışmalıyıq ki, əldə olunan nailiyyətləri qoruyaq və daha da möhkəmləndirək.

Daha sonra AMİ İdarə heyətinin üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakultəsinin dekanı Zahidə Məmmədova, Balakən rayon İcra hakimiyyətindən baş memar Əmir Vəliyev, Şəki şəhərinin baş memarı Taleh Alxasov Qafqaz Albaniyası dövründə regionda tikilmiş abidələrin vəziyyətindən, onların bərpa problemlərindən danışdılar.

Sonra Plenumun Qətnaməsinin layihəsi oxunuldu.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram