Previous Next

İsmayıllı şəhərində Azərbaycan Memarlar İttifaqı Katibliyinin səyyar iclası

8 iyun 2018-ci il tarixində İsmayıllı şəhərində Azərbaycan Memarlar İttifaqının təşkilatçılığı və İsmayıllı rayon İcra Hakimiyyətinin dəstəyi ilə Azərbaycan Memarlar İttifaqının Katibliyinin səyyar iclası keçirilmişdir.

Memarlar İttifaqının nümayəndə heyəti İsmayıllı rayon İcra hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqovun qəbulunda olmuş, Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq abidəsi önünə çiçəklər qoyulmuşdur.

Sonra iştirakcılar iclasın keçiriləcəyi məkana - şəhər Mədəniyyət Mərkəzinə gəlmiş və Azərbaycan memarlarının yaradıcılığını əks etdirən "Müasir Azərbaycan memarlığı" sərgisi ilə tanış olmuşlar.

İclası əvvəlcə giriş sözü ilə açan İsmayıllı rayon İcra hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov qonaqları salamlamış, əyalətdə belə bir möhtəşəm, işgüzar iclasın keçirilməsinə görə Memarlar İttifaqının rəhbərliyinə öz təşəkkürünü bildirmişdir.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin sədri cənab Elbay Qasımzadə çıxış edərək iştirakçıları salamlamış, birgə iclasın məqsəd və məramından danışmış və iştirakçıları tədbirin proqramı ilə tanış etmişdir.

Sonra İsmayıllıda son illərdə görülən tikinti və abadlıq işləri barədə İsmayıllı rayon İcra Hakimiyyəti aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri cənab Vüsal Abdullayevin məruzəsi dinlənilmişdir.

Memarlar İttifaqı Rəyasət Heyətinin üzvü, Yerli İdarəetmə orqanlarının memarlıq xidmətləri üzrə komissiyasının sədri Kamil Məmmədov Memarlar İttifaqının regional bölmələrinin işinin təşkili barədə çıxış etmişdir.

Daha sonra Azərbaycan Memarlar İttifaqının üzvü Məhəmməd Nurməmmədov «İsmayıllı rayonunun tarixi-memarlıq abidələri» mövzusunda məruzə etmişdir. Məruzədə Lahıc və Basqal ayrı-ayrılıqda təhlilini tapmış, tədbir iştirakçılarına tanış olmayan bir çox abidələr barədə ətraflı məlumat verilmişdir.

Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin İsmayıllı şəhərində keçirilən Katiblik iclasında İsmayıllı şəhəri ərazisində aparılan abadlıq və quruculuq işlərində fəal iştirak edən Azad Əliyev və Ədalət Göyüşov Memarlar İttifaqının üzvlüyünə qəbul edilmişlər.

Azərbaycan memarlığının inkişafındakı xidmətlərinə görə İsmayıllı rayon İcra hakimiyyətinin başçısı cənab Mirdaməd Sadıqov Azərbaycan Memarlar İttifaqının Fəxri Üzvü seçilmişdir.

İsmayıllı rayon İcra Hakimiyyəti aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri cənab Vüsal Abdullayev “Ustad Memar” yüksək peşəkarlıq dərəcəsinə layiq görülmüşdür.

Sonda İsmayıllı şəhəri ərazisində aparılan abadlıq və quruculuq işlərində göstərdikləri xidmətlərə görə bir neçə yerli memar Azərbaycan Memarlar İttifaqının Fəxri Fərmanları ilə təltif olunmuşlar.

 

Azərbaycan Respublikası Memarlar İttifaqının Katibliyinin səyyar iclasının qərarı:

 

1. Son illər ərzində İsmayıllıda abadlıq, yenidənqurma, bərpa və memarlıq sahələrində aparılan işlər yüksək qiymətləndirilsin.

2. İsmayıllı rayonunun bölgə üzrə ilkin təşkilatının tərkibi də daxil olmaqla Azərbaycan Respublikasının Memarlar İttifaqı üzvlüyünə yeni qəbul edilmiş üzvlərlə birlikdə Şirvan regional bölməsi yaradılsın. Bölmənin məsul nümayəndəsi, İsmayıllı rayon İcra Hakimiyyəti aparatının Memarlıq və Tikinti şöbəsinin müdiri Vüsal Abdullayev müəyyən olunsun. Bölmənin işinin təşkili, eləcə də fəaliyyət planında birgə keçiriləcək tədbirlər təklifinin 1 ay müddətində hazırlanıb Memarlar İttifaqına təqdim edilməsi Vüsal Abdullayevə tapşırılsın. Onun tərəfindən bölmənin fəaliyyəti barədə mütəmadi olaraq Memarlar İttifaqına hesabat verilsin.

3. Azərbaycan Memarlar İttifaqının “Memar” analitik-informasiya jurnalının növbəti nömrəsi bütövlükdə İsmayıllıda keçirilən bu iclasın işıqlandırılmasına həsr edilsin.

4. Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin Plenumlarının və Katiblik iclaslarının Azərbaycan Respublikasının bölgələrində keçirilməsi təcrübəsi dəstəklənsin və davam etdirilsin.

 

Keçirilən tədbir Azərbaycan Respublikası Memarlar İttifaqının Katibliyinin səyyar iclasının Protokolunda öz əksini tapmışdır.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)