Previous Next

Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin Ümummilli lider Heydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Plenumu

Azərbaycan Memarlar İttifaqının İdarə heyəti 12 may 2018-ci il tarixində Ümummilli liderHeydər Əliyevin 95 illiyinə və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr edilmiş Plenum keçirdi.

Əvvəlcə Memarlar İttifaqının İdarə heyətinin üzvləri Fəxri Xiyabanı ziyarət edərək Ümummilli lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarları üzərinə əklillər və gül dəstələri qoydular. Sonra Plenum iştirakçıları Şəhidlər Xiyabanını ziyarət edib  “Əbədi məşəl” xatirə abidəsinin önünə əklil qoydular.

Plenum başlanmamışdan əvvəl qonaqlar «Four Seasons» otelinin “Segah” zalının foyesində təşkil edilmiş "Müasir Azərbaycan memarlığı” sərgisi ilə tanış oldular.

Plenumu salamlama sözü ilə açan Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri, Respublikanın Əməkdar memarı Elbay Qasımzadə Heydər Əliyevin memarlıq sənətinin təbliğində və inkişafında böyük rolunu qeyd etdi, Ümummilli liderin memarlıq sənətinə olan münasibəti və sənətin incəliklərini dərindən bildiyi barədə danışdı.

Elbay Qasımzadə son illərdə şəhər və qəsəbələrimizin abadlaşdırılması, onların memarlıq simasının zənginləşdirilməsi istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında görülən işləri qeyd etdi. Eyni zamanda, YUNESKO-nun və İSESCO-nun xoşməramlı səfiri, ölkənin birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin tarixi və memarlıq irsinin qorunması və bərpası işinə böyük diqqət ayırdığını vurğuladı.

Sonra Azərbaycan Memarlar İttifaqının üzvləri Elturan  Avalov, Kamran Sultanov və Nizami  Nağıyev milli memarlıq sənətinin inkişafında xüsusi xidmətlərinə görə "Akademik Mikayıl Useynov" xatirə medalı ilə təltif edildilər. Həmçinin Azərbaycan Memarlar İttifaqı Katibliyinin qərarı ilə memarlar Ədalət Məmmədova, Leyla Hüseynovaya, Rizvan Bayramova, Maqsud Məmmədova, Fərid Qaçayevə, Toğrul Əhmədova, Nərgiz Ağayevaya, Gülara İsmyılovaya və Valeriy Məmmədova "Ustad Memar" yüksək peşəkarlıq dərəcəsi sertifikatı təqdim olundu.

Daha sonra “Heydər Əliyev və milli mədəni irsin qorunması” mövzusunda “Azərbərpa” Elmi-Tədqiqat Layihə institutunun direktoru, Respublikanın Əməkdar mühəndisi Telman Kərimlinin məruzəsi dinlənildi. Məruzə, Ümummilli liderin Azərbaycanın mədəni irsinin qorunmasına göstərdiyi diqqət və qayğını əks etdirən görüntülərlə müşayiət olundu.

“Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi” mövzusunda çıxış edən Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin üzvü, MİDA MMC-nin layihələndirmə sektorunun müdiri Yusif İbrahimli öz  məruzəsində AXC-nin yaranma tarixi və qısa fəaliyyəti ərzində gördüyü işlər barədə ətraflı danışdı.

Çıxışlardan sonra Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə bu ilin mart ayında Bakıda keçirilmiş Beynəlxalq Memarlar İttifaqının Büro iclasının yekunları barədə məlumat verdi və bunun nəticəsi olaraq  2019-cu ildə Bakıda Beynəlxalq Memarlıq Forumunun və BMİ-nin Baş Assambleyasının keçirilməsinin qərara alındığını elan etdi. Sədr, bu tədbirin ölkəmizin inkişafında prioritet istiqamətlərdən olan tarixi irsin qorunub saxlanılması və turizmin inkişafı üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı.

Sonda Plenumun Qətnaməsi oxunuldu və qəbul olundu.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)