Previous Next

Şamil Fətullayevin xatirə gecəsi

24 dekabr 2019-cu ildə Azərbaycan Memarlar İttifaqında görkəmli Azərbaycan memarı və memarlıq tarixçisi, elmlər doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki, Respublikanın əməkdar memarı, Azərbaycan Dövlət Mükafatı laureatı Şamil Fətullayevin xatirəsinə həsr olunmuş gecə keçirildi.

Tədbiri giriş sözü ilə açan Mİ İdarə Heyətinin sədri Elbay Qasımzadə Azərbaycan mədəniyyətinin əfsanəsi, dünya şöhrətli alimdən, XIX-XX əsrlərdə Azərbaycan memarlığı və şəhərsalma tarixinin tədqiqində elmi məktəbin yaradıcısı haqqında danışdı.Qeyd edildi ki, Şamil Fətullayev Bakının memarlıq tarixinin öyrənilməsi sahəsində çox böyük tədqiqat işləri aparmış, dövlət qoruğu kimi təsdiq edilmiş bir çox memarlıq abidələrinin müəyyənləşdirilməsində, həmçinin Azərbaycanda milli memarlıq abidələrinin bərpasında mühüm rol oynamışdır.

Bu axşam onun yaxın dostları, iş yoldaşları və ailə üzvləri memarın xatirəsini yad etmək üçün toplaşmış, onlardan hər biri onun haqqında mehribanlıqla və məhəbbətlə danışırdı.

Respublikanın Əməkdar Ali məktəb işçisi, professor Ramiz Əbdülrəhimov və Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, Prezident təqaüdçüsü Tofiq Şəkixanov Azərbaycan milli memarlıq tarixinin həqiqətən dünyada təbliğatçısı olmuş alim və gözəl insanla şəxsi tanışlığından danışdılar.

Memarlıq doktoru, professor Raihə Amənzadə, Şamil Fətullayevin uzun illər Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasına rəhbərlik etdiyini söylədi.Qeyd edildi ki, Ş. Fətullayev səmərəli elmi yaradıcılığı ilə yanaşı, yüksək ixtisaslı kadrların hazırlanması üçün dərin bilik və bacarıqlar da tətbiq etmişdir.

Azərbaycanın Əməkdar memarı Elkin Ələsgərov qeyd etdi ki, Bakı və ya Azərbaycanın digər şəhərlərinin memarlıq tarixi ilə bağlı heç bir monoqrafiya, heç bir tədqiqat yoxdur ki, orada Ş.Fətullayevin əsərlərindən ən azı bir sitat göstərilməsin.

Memarlıq üzrə fəlsəfə doktoru, Əməkdar memar Rəna Əfəndizadə sonralar Şamil Fətullayevlə dostluğa çevrilən təhsil illərindəki münasibətlərdən danışdı. Onun sözlərinə görə, Şamil müəllim tarixi memarlıq abidələrinə həmişə çox diqqət yetirmiş, daim arxivlərdə işləmiş, tədqiqatlar aparmışdır.

"Şamil Fətullayev-Fiqarovun həyatında Memarlıq" kitabının müəllifi, memarlıq üzrə fəlsəfə doktoru Sevinc Tanqudur, professorla iş dövrü ilə bağlı xatirələrini bölüşdü: “Onun hər sözünü tutmağa çalışırdım. Alimlə tanışlığın ilk anlarından onun kitablarında, tez-tez təşkil olunan toplantılarda olan çıxışlarında, əməkdaşlarla səmimi söhbətlərində bu zəngin mənəbiyyata malik şəxsiyyətin başqalarına təsirinin sirlərini heyranlıqla müşahidə edirdim”.

Sonra çıxış edən Azərbaycanın Əməkdar memarı Əhməd İzmaylov Azərbaycan Memarlar İttifaqına Memarlıq tarixi üzrə ən yaxşı elmi iş üçün Şamil Fətullayev adına medal və mükafatın təsis edilməsini təklif etdi. Bütün tədbir iştirakçıları bu təklifi alqışlarla dəstəklədilər.

Həmçinin, Beynəlxalq Memarlıq Akademiyasının Moskva bölməsinin müxbir üzvü Rizvan Bayramov, Azərbaycanın Əməkdar memarı Vidadi Muradov, memarlıq üzrə fəlsəfə doktoru Uğur Miralayev və s. öz xatirələrini bölüşdülər.

Bütün çıxışların sonunda alimin qızı Gülnara Fətullayeva qeyd etdi ki, bütün ailə üzvləri belə bir istedadlı, gözəl insanın və Yaxşı Atanın övladları olduqları üçün fəxr edirlər. Gülnara xanım səslənən xoş sözlərə görə bütün iştirakçılara öz təşəkkürünü və belə bir unudulmaz gecənin təşkili, həmişə atasının yanında olması və ona kömək etməsi üçün Elbay Qasımzadayə ailə üzvləri adından dərin minnatarlığını bildirdi.

Tədbir boyu qonaqlara Şamil Fətullayevin həyat və yaradıcılığı haqqında foto-slayd nümayiş etdirildi.

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram