Previous Next

Nərgiz Əsgərzadənin xatirə gecəsi

Bu ilin 17 fevral tarixində Azərbaycan Memarlar İttifaqının binasında Azərbaycanın Əməkdar memarı Nərgiz xanım Əsgərzadənin xatirə gecəsi keçirildi.

Gecədə ölkənin tanınmış memarları, Bakıda və Şəkidə Nərgiz xanımla birlikdə işləyən həmkarları, eləcə də qohumları və ailə dostları iştirak edirdilər.

Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə qonaqları salamlayaraq, Nərgiz xanımın xatirəsinə ehtiram əlaməti olaraq bu gecədə iştirak etdiklərinə görə onlara təşəkkürünü bildirdi.

Sonra Nərgiz Əsgərzadənin həyat və yaradıcılığına həsr olunmuş qısametrajlı film nümayiş edildi. Nərgiz Əsgərzadə 15 avqust 1929-cu ildə Bakıda, pedaqoq ailəsində anadan olmuşdur. 1951-ci ildə Azərbaycan Politexnik institutunu bitirmiş, 1961-ci ildə doktorluq dissertasiyasını müdafiə edərək memarlıq üzrə flsəfə doktoru elmi dərəcəsini almışdır. O zamanları xatırlayan həmkarları Fəxrəddin Miralay, Tofiq Şəkixanov, Ramiz Abdullayev, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun və Azərbaycan MEA-nın Şəki Regional elmi mərkəzinin əməkdaşları qeyd etdilər ki, N. Əsgərzadə bütün ömrünü memarlığa, elmə həsr etmişdir.O, təkcə memarlıq elmi fəaliyyəti ilə deyil, xeyriyyəçiliklə də məşğul olmuş, uşaq evlərinə, qonşularına əlindən gələn köməyi əsirgəməmişdir. Çoxları onu, Azərbaycanın Tereza Anası adlandırırdılar.

Nərgiz xanım 4 monoqrafiyanın, 6 kitabın və 42 dərc olunmuş elmi məqalənin müəllifidir.

Tədbirin sonunda Nərgiz Əsgərzadənin qızı Nigar xanım anasının yaradıcılığına göstərdikləri diqqətə və bu gecənin təşkilinə görə Azərbaycan Memarlar İttifaqının rəhbərliyinə və əməkdaşlarına bütün ailə üzvləri adından dərin təşəkkürünü bildirdi.

Nərgiz xanım, ruhunuz şad olsun!

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram