“David Qareji” Çoxsahəli Tədqiqat və İnkişaf Strategiyası adlı beynəlxalq konfransın hesabatı

18-20 aprel 2019-cu il tarixində Tiflis şəhərində   “Europa Nostra” təşkilatının dəstəyi ilə “David Qareji” Çoxsahəli Tədqiqat və İnkişaf Strategiyası adlı beynəlxalq konfrans keçirilmişdir.

Konfransda Memarlar İttifaqının təşəbbüsü və dəstəyi ilə Azərbaycan nümayəndə heyəti iştirak etmişdir. Azərbaycan Dövlət Universitetinin dosenti, tarix elmləri üzrə fərsəfə doktoru Yunis Nəsibov, “Keşikçidağ” Dövlət tarix və mədəniyyət qoruğunun direktoru Musa Mursaqulov, Memarlar İttifaqının üzvi Rizvan Bayramov nümayəndə heyətini təşkil etmişdir.

Gürcüstanda “David Qareji” adlanan məbədlər kompleksi qayalarda yonulmuş mağara məbədlər və yaşayış hücrələrindən ibarətdir. Bu kompleksin yaranması eramızın 6-cı əsrinə aid edilir. Kompleksin böyük hissəsi Azərbaycanın Ağstafa rayonunun ərazisində olan Keşikçidağ və İlham Əliyev zirvəsində yerləşir. Keşikçidağın (Gürcüstanda “Udabno” adlanır) zirvəsində Azərbaycanın Gürcüstan ilə dövlət sərhədi keçir və qədim mağaraların böyük hissəsi Azərbaycan torpağında yerləşir. Ərazinin tarixi və mədəni əhəmiyyəti nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 19 dekabr 2007-ci tarixli sərəncamı ilə “Keşikçidağ” Dövlət tarix və mədəniyyət qoruğu yaradılmışdır. Yaradılan gündən qoruq AR Mədəniyyət nazirliyinin tərkibində fəaliyyət göstərir.

Konfransda Musa Mursaqulov “Keşikçidağ mağaralar kompleksi” və Yunis Nəsibov “Keşikçidağ xristian mağara abidələri, onların qorunması və təbliği” adlı məruzələr ilə çıxış etmiş və verilən suallara ətraflı aydınlıq gətirmişlər. Məruzələr konfransın nəticəsi olaraq çap olunmaq ərafəsindədir.

Konfransın son günündə Azərbaycan və konfransda iştirak edən digər ölkələrin nümayəndələri mağaralar kompleksini - Keşikçidağ / Udabno dağını ziyarət etmişlər. Ziyarət zamanı qonaqlara bildirilmişdir ki, mağaraların böyük hissəsi Azərbaycan torpağında yerləşir, Azərbaycanın mədəni irs sərvətidir və dövlət tərəfindən qorunur.

20 aprel 2019-cu il tarixində “Europa Nostra” təşkilatının Baş katibi Sneşka Quaedvlieg – Mihayloviç, “Europa Nostra” təşkilatının vitse-prezidenti Piet Jaspaert, Gürcüstanın mədəni irsin qorunması və tədqiqi üzrə qurumlarının əməkdaşları ilə Azərbaycan təmsilçiləri dəyirmi masa toplantısı keçirmiş və bir sıra məsələləri müzakirə etmişlər. Nəticələr barədə Memarlar İttifaqının sədri cənab Elbay Qasımzadəyə məlumat verilmişdir. Cənab Elbay Qasımzadənin dəstəyi ilə cari ilin iyul ayında Bakıda Azərbaycan Respublikasının mədəniyyət naziri cənab Əbülfəs Qarayev Gürcüstan, “Europa Nostra” və Azərbaycan Memarlar İttifaqının nümayəndələri ilə “Keşikçidağ” mağaralar kompleksinin birgə tədqiqi və qorunması üzrə birlikdə əməkdaşlıq mövzüsunda görüş keçirəçəklər. Cənab Elbay Qasımzadənin təşəbbüsü ilə “Europa Nostra”, Gürcüstan təmsilçiləri və Memarlar İttifaqının üzvləri birlikdə “Keşikçidağ” kompleksini ziyarət ediləcəkdir.

Memarlar İttifaqının təşəbüsü ilə “Keşikçidağ” Dövlət Tarix və Mədəniyyət qoruğunun ərazisində yerləşən mədəni və tarixi sərvətlərin qorunması üzrə Azərbaycan Sərhəd xidməti tərəfindən işlər görülür.

Yuxarıda adı vurğulanan - görülməsi nəzərdə tutulan işlər barəsində Memarlar İttifaqının üzvlərinə məlumat veriləcəkdir.

 

Rizvan Bayramov

Azərbaycan Memarlar İttifaqının

Memarlıq İrsi yaradıcılıq komissiyasının sədri

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6840

UAA - Facebook / UAA - Instagram