BİZİMLƏ ƏLAQƏ

Ünvan:
Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

Sədr:
Qasımzadə E. Ə.
(+99412) 594-5958 (iş)

Katiblər:
Mollazadə F.Ə. 
(+99412) 596-9020 (iş) 

Məmmədova G.H.
(+99412) 438-3001 (iş)

Bəylərov İ. X.
(+99412) 537-1132 (iş)

Ağazadə R. R. 
(+99412) 512-2125 (iş)

Ümumi şöbə:
(+99412) 594-6932, 594-6840 (tel/faks)

AZƏRBAYCAN RESPUBLİKASI MEMARLAR İTTİFAQININ NİZAMNAMƏSİ

Azərbaycan Respublikasının Memarlar İttifaqı (AMİ) Respublika memarlarının könüllü peşəkar yaradıcılıq birliyidir.

İttifaq, Azərbaycan Respublikasının qanunvericiliyini, Azərbaycan Respublikasının Konstitusiyasını, eləcə də bu Nizamnaməni rəhbər tutaraq fəaliyyət göstərir, xarici ölkələrin memarlar ittifaqları və başqa yaradıcılıq ittifaqları ilə qarşılıqlı münasibətlər qurur.

AMİ-nin fəaliyyəti demokratiya və özünü idarəetmə, aşkarlıq, hər bir üzvünün şəxsi təşəbbüsü, tapşırılan iş üçün məsuliyyəti və bu Nizamnamənin müddəalarına riayət etməsi prinsiplərinə əsaslanır.

 

1. MEMARLAR İTTİFAQININ (Mİ) VƏZİFƏLƏRİ.

 

1.1. Mİ yaradıcılıq konsepsiyalarını formalaşdırır və Azərbaycan memarlığının inkişaf strategiyasını dövlət orqanları ilə birlikdə həyata keçirir;

1.2. Memarlıq və şəhərsalma sahəsində qəbul olunmuş qanunların həyata keçirilməsinə kömək edir;

1.3. Demokratik cəmiyyətin humanist ideallarına cavab verən memarlıq əsərlərinin yaranmasına kömək edir, Azərbaycan memarlığının yaradıcılıq mövqelərinin müxtəlifliyini müdafiə edir;

1.4. Tarixi memarlıq mühitinin və təbii mühitin mühafizəsinə, memarlıq abidələrindən qayğı ilə istifadə olunmasına kömək edir;

1.5. Memarlıq sahəsində kadr siyasətinə fəal təsir göstərir, memarlıq kadrlarının seçilməsi, irəli çəkilməsi və yerləşdirilməsi məsələlərində Respublikanın dövlət orqanlarına və özəl təşkilatlarına kömək edir;

1.6. Memarlıq təhsilinin təkmilləşməsinə, Respublika memarlarının peşə vərdişlərinin kamilləşməsinə kömək edir, gənc nəslin hazırlanmasına və tərbiyə olunmasına qayğı göstərir;

1.7. Memarların yaradıcılıq ustalığının artmasını stimullaşdırır, memarın istedadını və şəxsiyyətini, onun müəlliflik hüquqlarını müdafiə edir, memarların yaradıcılığının Dövlət səviyyəsində qiymətləndirilməsi üçün lazımi tədbirlər görür;

1.8. Memarlıq məsələləri barədə ictimai rəyi öyrənir və formalaşdırır; ictimaiyyəti hazırlanan layihələrin müzakirəsinə cəlb edir, memarlıq peşəsinin mədəni və bədii statusunun yüksəlməsinə kömək edir;

1.9. Azərbaycan memarlarının nailiyyətlərini təbliğ edir, nəşriyyat fəaliyyətinin və memarlıq tənqidinin inkişafına kömək edir; memarlıq, bədii rəngkarlıq, tətbiqi sənət əsərlərinin baxış-sərgilərini və satışını təşkil edir;

1.10. Beynəlxalq memarlıq təşkilatları, xarici ölkələrin memarlıq ittifaqları və digər yaradıcılıq ittifaqları ilə əməkdaşlıq edir.

 

2. MEMARLAR İTTİFAQININ ÜZVLƏRİ, ONLARIN HÜQUQ VƏ VƏZİFƏLƏRİ.

 

2.1. Mİ-nın üzvlüyünə Respublikada yaşayan, memarlıq fəaliyyətinin hər hansı sahəsində şəxsi yaradıcılıq işləri ilə özünü tanıdan, İttifaqın Nizamnaməsini qəbul edən, Mİ-nın ictimai həyatında iştirak edən, 3 il yaradıcılıq stajı olan diplomlu memarlar qəbul olunurlar;

2.2. Başqa peşələrin nümayəndələri Azərbaycan Memarlar İttifaqına o şərtlə qəbul edilirlər ki, onlar memarlıqda xüsusi nəticələr əldə etmiş olsunlar və yaxud memarlıq sənətinə dəyərli dəstək versinlər;

2.3. Xarici ölkələrin memarları Azərbaycan Memarlar İttifaqına üzv ola bilərlər, lakin onlar seçkilərdə iştirak etmirlər.

2.4. Azərbaycan memarlığının inkişafında və onun təbliğində əhəmiyyətli rolu olan Respublikanın və xarici ölkələrin memarları və digər sahələrdə çalışan mütəxəssislər Memarlar İttifaqının Fəxri Üzvü ola bilər;

Qeyd: Memarlar İttifaqının Fəxri Üzvləri seçkilərdə iştirak etmirlər.

2.5. Mİ-nin üzvlüyünə qəbul, İdarə Heyəti və yaxud Katibliyi tərəfindən fərdi qaydada, qəbul komissiyasında namizədin müzakirəsindən sonra, tərtib olunmuş protokol əsasında həyata keçirilir. Memarlar İttifaqına qəbul olunan şəxslərə üzvlük bileti və döş nişanı verilir;

2.6. Memarlar İttifaqı üzvlərinin vəzifələri:

a) Mİ-nin Nizamnaməsinə riayət etməli, Respublika Memarlar İttifaqı qurultayının, İdarə Heyəti plenumlarının qərarlarını rəhbər tutmalıdır;

b) Mİ təşkilatlarının birinin işində fəal iştirak etməlidir;

c) peşə etikasını gözləməlidir;

ç) üzvlük haqqını müntəzəm ödəməlidir;

d) Memarlar İttifaqının nüfuzunun qaldırılmasında, birliyinin təmin olunmasında səy göstərməlidir.

2.7. Mİ üzvlərinin aşağıdakı hüquqları vardır:

a) ictimai təşkilatların və Mİ-nin tabeliyindəki təşkilatların işində iştirak etmək və həmin təşkilatların fəaliyyətinin yaxşılaşdırılması barədə təkliflər vermək, özlərinin mənafelərinə aid məsələlər müzakirə olunarkən seçkili orqanların iclaslarında iştirak etmək;

b) Mİ-nin yaradıcılıq, məsləhət, hüquqi və metodoloji köməyinin bütün növlərindən istifadə etmək;

c) iş yerindən asılı olmayaraq ortaq müəlliflərin razılığı ilə müəllif nəzarətini həyata keçirmək;

ç) dövlət və özəl təşkilatlarında, yaradıcılıq birliklərində və fərdi emalatxanalarda əmək sazişləri əsasında iş görmək; yaradıcılıq emalatxanası (kollektiv emalatxana və ya fərdi emalatxana) üçün Mİ-nin vasitəçiliyi ilə fəaliyyət sahəsi icarəyə götürmək;

d) öz yaradıcılıq işlərini mətbuatda dərc etdirmək və sərgilərdə göstərmək;

e) sosial-məişət yardımından istifadə etmək;

ə) peşə hüquqlarının və yaradıcılıq fəaliyyəti nəticələrinin müdafiəsi ilə əlaqədar bütün məsələlər barəsində Mİ-nin orqanlarına müraciət etmək;

f) Mİ-nin tapşırığı ilə dövlət, ictimai və özəl təşkilatlara, ayrı-ayrı vətəndaşlara memarlıq məsələləri barəsində məsləhət vermək;

g) Mİ-nin rəhbər orqanlarına seçmək və seçilmək.

2.8. İttifaqın üzvü eyni zamanda həm İdarə heyətinə, həm də Təftiş komissiyasına seçilə bilməz.

Nisbətən daha çox səs, yəni səsvermədə iştirak edənlərin ən azı 50%+1 səs toplayan namizədlər seçilmiş sayılırlar. Səsvermənin yekunlarına görə seçkili orqanın say tərkibi təmin edilmirsə, onda əlavə seçkilər keçirilir və ya seçkili orqanın say tərkibinə yenidən baxılır.

Rəhbər orqanın etimadını doğrultmayan üzvlər rəhbər orqanın tərkibindən xaric edilirlər. Xaric olunma məsələsi göstərilən üzvlərin tərkibinə daxil olduqları orqan tərəfindən həll edilir. İştirakçıların üçdə iki hissəsindən çoxu səs verdikdə qərar qəbul edilmiş sayılır.

2.9. Nizamnaməni pozmaq və başqa xətalara görə üzvlər, tənbehdən İttifaq üzvlüyündən xaric edilməyə qədər cəzalandırıla bilərlər.

 

3. MEMARLAR İTTİFAQININ STRUKTURU

 

3.1. Mİ-nin ali rəhbər orqanı respublika memarlarının beş ildə bir dəfə çağırılan qurultayıdır. Qurultayda iştirak qaydasını Azərbaycan Memarlar İttifaqının İdarə heyəti müəyyən edir. Qurultaya nümayəndələr yerli və ilkin təşkilatların ümumi yığıncağında və ya konfranslarında  açıq və yaxud gizli səsvermə yolu ilə seçilirlər. Qurultay iştirakçılarının sayı Memarlar İttifaqının üzvlərinin həqiqi sayının üçdə bir hissəsindən az olmamalıdır.

Azərbaycan memarlarının qurultayı:

a) Respublikada memarlığın və şəhərsalmanın ən mühüm məsələlərini müzakirə edir və onların gələcək inkişaf istiqamətinin müəyyənləşdirilməsinə kömək edir;

b) ən mühüm yaradıcılıq və təşkilat problemlərini, memarlığın inkişafının cari məsələlərini müzakirə edir və onlar barədə qərarlar çıxarır;

c) Azərbaycan Memarlar İttifaqının Nizamnaməsini təsdiq edir və lazım gəldikdə dəyişdirir;

ç) İdarə Heyətini, İdarə Heyətinin sədrini, Təftiş komissiyasını və yaranarsa başqa struktur bölmələrinin rəhbərlərini açıq və yaxud gizli səsvermə yolu ilə seçir;

d) Mİ İdarə Heyətinin, Təftiş komissiyasının və yaranarsa başqa struktur bölmələrinin hesabatlarını dinləyir və təsdiq edir.

3.2. Lazım gəldikdə yaradıcılıq problemlərini və təşkilati məsələləri həll etmək üçün növbədənkənar qurultay və ya plenum çağırılır. Qurultayın və ya plenumun çağırılması və iştirak qaydası haqqında qərar, qurultayın və ya plenumun keçirilməsinə ən azı 3 (üç) ay qalmış Mİ-nin İdarə Heyəti tərəfindən qəbul edilir.

3.3. Qurultay, orada iştirak üçün qeydə alınmış nümayəndələrin üçdə iki hissəsi iştirak etdikdə səlahiyyətli sayılır. İdarə Heyətinin plenumu nümayəndələrin yarısından çoxunun iştirakı təmin edildikdə səlahiyyətli sayılır.

3.4. Qurultayarası dövrdə Mİ-nin icra orqanı, başda İdarə Heyətinin sədri olmaqla İdarə Heyətidir. İdarə Heyətinin plenumları zərurət yarandıqda (ildə iki dəfədən az olmayaraq) çağırılır.

Qeyd: Mİ İdarə Heyətinin növbədənkənar plenumları İdarə Heyəti sədrinin, yaxud Katiblik üzvlərinin ən azı üçdə bir hissəsinin tələbi və yaxud təşəbbüsü ilə çağırılır.

3.5. Mİ-nin İdarə Heyəti:

a) qurultayın qərarlarını həyata keçirərək İttifaqın yaradıcılıq və ictimai fəaliyyətini təşkil edir, qərarların yerinə yetirilməsinə nəzarət edir;

b) yerli təşkilatların fəaliyyətini əlaqələndirir;

c) Mİ-nin orqanlarının strukturunu müəyyən edir və onların fəaliyyətini istiqamətləndirir;

ç) layihə, yaradıcılıq-istehsalat və təsərrüfat təşkilatları, birlikləri yaradır və onların fəaliyyətinə nəzarət edir;

d) Respublikanın başqa yaradıcılıq ittifaqları və ictimai təşkilatları ilə birlikdə iş aparır;

e) memarlıq sahəsində qanunvericilik hüququ və normativ aktlarının layihələrinin hazırlanmasında iştirak edir;

ə) Katibliyin say tərkibini müəyyən edir, onun üzvlərini (gizli və ya açıq səsvermə ilə) və üzvləri arasından  katibləri (gizli və ya açıq səsvermə ilə) seçir;

f) Yaradıcılıq komissiyalarının təşkilini, eləcə də onların iş planının təsdiqinə və icrasına nəzarəti təmin edir;

g) öz fəaliyyəti barədə Azərbaycan memarlarının qurultayına hesabat verir;

ğ) üzvlük haqlarının məbləğini müəyyən edir.

3.6. Katiblik, başda İdarə Heyətinin sədri olmaqla:

a) aşağıdakı tərkibdə fəaliyyət göstərir: katiblər, yaradıcılıq komissiyalarının sədrləri, Memarlar İttifaqının mühüm qurumlarının rəhbərləri;

b) Mİ-nin bütün yaradıcılıq, təşkilat, sosial-məişət, istehsalat-təsərrüfat və maliyyə fəaliyyətini həyata keçirir, İdarə Heyəti yanında fəaliyyət göstərən yaradıcılıq komissiyalarının, yerli təşkilatların idarə heyətlərinin, habelə təşkilatların və müəssisələrin işini qurultayların və plenumların qərarlarını yerinə yetirməyə yönəldir;

c) qurultayın və plenumların qərarlarının yerinə yetirilməsinə nəzarət edir, yerli təşkilatların, yaradıcılıq komissiyalarının, yaradıcılıq-istehsalat və layihə bölmələrinin yaradıcılıq hesabatlarını dinləyir və müzakirə edir, onların fəaliyyətinə yardım göstərir;

ç) Mİ-nin İdarə Heyətini Respublikanın dövlət, ictimai təşkilatlarında və beynəlxalq təşkilatlarda təmsil edir;

d) Mİ-nin beynəlxalq fəaliyyətini təşkil edir;

e) dövlət mükafatları, təltiflər və fəxri adlar almaq üçün namizədlər irəli sürür;

ə) həvəsləndirmə məqsədilə Mİ üzvləri üçün mükafatlar (diplomlar, fəxri fərmanlar, xatirə medalları və s.) təsis edir;

f) layihə-tikinti kompleksinin idarəetmə orqanları ilə birlikdə memarlığın inkişafı məsələlərinin həllində iştirak edir;

g) Mİ aparatının və tabelikdəki təşkilatların rəhbər işçilərini vəzifəyə təsdiq edir;

ğ) Mİ-nin fəaliyyəti və tədbirləri haqqında informasiyanın yayılmasını təmin edir, Respublikanın memarlıq nailiyyətlərinin kütləvi informasiya vasitələri tərəfindən təbliğini həyata keçirir;

h) Katiblik, bir qayda olaraq, ayda bir dəfə toplanır. Katibliyin işi orada onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətli sayılır. Katiblik, Mİ İdarə Heyətinin plenumunda hesabat verir;

x) İdarə Heyətinin sədri və katiblər Katibliyin bürosunu tərtib edir və İttifaqın iclaslararası gündəlik işini həyata keçirir.

3.7. Mİ-nin ilkin  təşkilatları İttifaqın ən azı 3 nəfər, regional təşkilatları isə 5 nəfər üzvü olduqda İdarə Heyətinin qərarı ilə yaradılır. İlkin  təşkilatların rəhbər orqanları ümumi yığıncaqlardır. İri (sayı 20 nəfərdən çox olan) təşkilatlarda hesabat-seçki konfransları çağırıla bilər. Konfransda nümayəndəlik normasını ilkin təşkilatların İdarə Heyətləri müəyyən edir.

3.8. İşləməyən təqaüdçülər və İttifaqı fərdi üzvləri Mİ-nin nəzdində və yaxud ilkin təşkilatlarda qala bilərlər.

3.9. Mİ-nin ilkin təşkilatları özlərinin fəaliyyətində Nizamnaməni və İdarə Heyətinin işləyib hazırladığı təlimatları rəhbər tuturlar.

3.10. Mİ-nin  Təftiş komissiyasının tərkibi qurultay tərəfindən seçilir. Xüsusi hallarda (təftiş komissiyasının üzvü vəzifəsindən imtina edərsə və yaxud vəfat edərsə) təftiş komissiyasının tərkibinin dəyişdirilməsi qurultaylararası keçirilən plenumlara həvalə olunur. Təftiş komissiyası müvafiq İdarə Heyətlərinin seçildikləri müddətlərə seçilirlər və seçildikləri qurultaylara hesabat verirlər. Təftiş komissiyasının iclasları ildə ən azı iki dəfə keçirilir.

3.11. Mİ-nin Təftiş komissiyası:

a) Nizamnamə tələblərinin, qurultayın, İdarə Heyəti plenumlarının, hesabat-seçki konfranslarının və ümumi yığıncaqların qəbul etdikləri qərarların, Mİ-nin bütün rəhbər orqanları tərəfindən yerinə yetirilməsinə nəzarət edir;

b) Mİ-nin, habelə İttifaqın tabeliyindəki təşkilatların müvafiq İdarə Heyətlərinin, müəssisələrin və idarələrin təsərrüfat-maliyyə fəaliyyətini yoxlayır;

c) İdarə Heyətinin təşkilatçılıq-yaradıcılıq fəaliyyətinə qiymət verir, həmin fəaliyyəti təkmilləşdirməyə yaxından kömək edir.

3.12. Təftiş komissiyasının üzvləri İdarə Heyəti plenumlarının işində, Katibliyin iclaslarında məşvərətçi səs hüququ ilə iştirak edirlər.

Mİ-nin bütün təşkilatları və müəssisələri Təftiş komissiyaları üçün lazımi materiallar təqdim etməyə borcludurlar.

 

4. MEMARLAR İTTİFAQININ VƏSAİTİ

 

4.1. Daxilolmalar və üzvlük haqları;

4.2. Memarın əməyindən istifadə edən dövlət və qeyri-dövlət layihə təşkilatlarının və başqa təşkilatların qanunda müəyyən edilmiş qaydada ayırdıqları vəsait;

4.3. İttifaqa məxsus təşkilatların, idarə və müəssisələrin təsərrüfat fəaliyyətindən və qanunla qadağan olunmayan digər fəaliyyətlərdən əldə edilən gəlir;

4.4. Müəssisələrin və vətəndaşların könüllü surətdə verdikləri vəsait (ianələr);

4.5. İcarəyə verdiyi mülkiyyət və vəsaitdən olan ayırmalar;

4.6. Bədii, dekorativ-tətbiqi sənət əsərlərinin satışından əldə edilən gəlir hesabına formalaşır.

 

5. MEMARLAR  İTTİFAQININ  QANUNİ HÜQUQLARI.

 

5.1. Mİ, onun təşkilatları, İttifaqın tabeliyindəki regional təşkilatlar, idarələr və müəssisələr hüquqi şəxs statusu daşıyır və fəaliyyət məqsədlərinə, qüvvədə olan qanunvericiliyə uyğun olaraq, bundan irəli gələn bütün hüquqlara və vəzifələrə malikdirlər.  Mİ-nin qeyd olunan tabeli təşkilatlarının, idarə və müəssisələrinin öz möhürü və ştampı olur.

5.2. Mİ İdarə Heyətinin (Katibliyin) İttifaqın yeni ilkin təşkilatlarının yaradılmasını təsdiq etmək hüququ vardır;

5.3. Mİ-nin İdarə heyəti yanında təsərrüfat cəhətdən müstəqil sayılan, Respublika memarlar qurultayının təsdiq etdiyi, öz Nizamnaməsini rəhbər tutan Memarlıq Fondu fəaliyyət göstərə bilər; Memarlıq Fondunun fəaliyyətinə Respublika memarlarının qurultayında seçilən İdarə Heyəti rəhbərlik edir; Memarlıq Fondunun İdarə Heyəti öz işi barədə Azərbaycan Memarlar İttifaqı İdarə Heyətinin Katibliyinə (Katibliyin bürosuna) hesabat verir;

5.4. Memarlar İttifaqının, qanunvericiliyinə və bu Nizamnaməyə uyğun olaraq, Nizamnamələr və ya Əsasnamələr əsasında fəaliyyət göstərən yaradıcılıq emalatxanaları, layihə-tikinti və kommersiya təşkilatları, texniki mərkəzləri (operativ poliqrafiya, video-kompüter mərkəzləri və başqa mərkəzlər) və digər təşkilatlar, habelə idarələr və müəssisələr (memar evləri, yaradıcılıq evləri, istirahət evləri və bazaları, kitabxanalar, emalatxanalar, sərgi salonları, ixtisaslaşdırma institutları və kursları, yaradıcılıq studiyaları və sair) yaratmaq, binalar və tikililər, kooperativ yaşayış evləri inşa etmək hüququ vardır.

5.5. İttifaq öz üzvlərinə hüquqi yardım göstərilməsini təşkil edir, üzvlərin adından onları dövlət təşkilatlarında və ictimai təşkilatlarda təmsil edir.

5.6. Mİ və onun ilkin təşkilatları memarlıq sərgiləri, baxışları, müsabiqələri keçirmək və həmin tədbirlərlə əlaqədar həm öz vəsaitləri, həm də cəlb edilmiş vəsait hesabına mükafatlar vermək  hüququna malikdir.

5.7. Mİ-nin əmlakı mülkiyyət hüququ əsasında onun özünə məxsusdur.

5.8. Mİ İdarə Heyətinin Katibliyi və ilkin təşkilatların İdarə Heyətləri (büroları) İttifaqın məqsəd və vəzifələrinə zidd olan idarəetmə qərarlarının təsir qüvvəsini dayandırmaq, zəruri hallarda isə həmin məsələləri yüksək səlahiyyətli orqanlar qarşısında qaldırmaq hüququna malikdirlər.

5.9. Kreditlərin sərəncamçıları Mİ-nin İdarə Heyətində İdarə Heyətinin sədri və yaxud sədr tərəfindən müəyyən edilmiş  məsul şəxs və baş mühasibdir.

5.10. İttifaqın bütün struktur bölmələri İttifaqın əmlakından və vəsaitindən müəyyən olunmuş qaydada istifadə etmək hüququna malikdirlər.

5.11. Mİ-nin fəaliyyəti Respublika Memarlar İttifaqı qurultayının qərarı ilə dayandırıla bilər. İttifaq ləğv edildikdən sonra qalan bütün vəsait və əmlakın idarə olunması qaydası qurultayın qərarı ilə müəyyən edilir.

5.12. Nizamnamə Mİ-nin qurultayında qəbul edilir və İctimai təşkilatlar haqqında Qanuna uyğun olaraq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydə alınır. Nizamnaməyə Mİ İdarə heyətinin plenumu tərəfindən qəbul olumnuş düzəliş və əlavələr edilə bilər. Bu düzəliş və əlavələr növbəti qurultaya təsdiq edilmək üçün təqdim olunur.

 

09 fevral 2018-ci il tarixində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir.

 

 

Bakı şəhəri, Murtuza Muxtarov küçəsi, ev 24.

(+99412) 594-6932, 594-6840 (tel/faks)